İndiyədək Rusiya Ukraynaya qarşı apardığı müharibəsində atəşkəslə bağlı Qərbin çağırışlarına müqavimət göstərib. Eyni zamanda, ABŞ prezidenti Donald Tramp da Kiyev və Avropa ölkələrinin Moskvaya qarşı əlavə sanksiyalar tətbiq olunması ilə bağlı çağırışlarına cavab verməyib.
Tramp vaxtın çatdığını hiss etdiyi halda Rusiyaya qarşı "dağıdıcı" tədbirlər görəcəyi ilə hədələyib. Lakin o, dəfələrlə həmin vaxtın hələ yetişmədiyini bildirib və yeni sanksiyaların tətbiqinin sülhə nail olmaq səylərini poza, prezident Vladimir Putinin mövqeyini sərtləşdirə biləcəyindən narahat olduğunu ifadə edib.
"Yeganə səbəb odur ki, əgər bir razılaşmaya yaxın olduğumu düşünürəmsə", - prezident Tramp mayın 28-də Ağ evdə jurnalistlərin ondan Moskvaya qarşı yeni sanksiyalara nə mane olması ilə bağlı sualını cavablandırarkən bildirib. "Bunu edərək prosesi pisləşdirmək istəmirəm. Belə tədbirləri nə vaxt və necə istifadə etməyi bilməlisiniz".
Əgər o zaman yetişərsə, ABŞ-nin Rusiyaya qarşı yeni tədbirləri necə görünə bilər?
Vaşinqtonda yerləşən Yeni Amerika Təhlükəsizliyi Mərkəzinin sanksiyalar üzrə eksperti Reyçel Ziemba AzadlıqRadiosuna bildirib: "Onlar qəbul edə biləcəkləri siyasətlərlə bağlı çox danışılıb, lakin bu mərhələdə hansı planın tətbiq olunacağı hələ dəqiq deyil".
Növbəti genişmiqyaslı sanksiyalar Moskva üçün çox əlverişsiz bir zamanda gələ bilər. Hazırda Rusiya iqtisadiyyatı neft qiymətlərinin düşməsi və son dərəcə yüksək faiz dərəcələrinin iqtisadi fəallığa ciddi təsiri fonunda kəskin şəkildə yavaşlayır. Londonda yerləşən "Capital Economics" konsaltinq şirkəti bu ayın əvvəlində xəbərdarlıq edib ki, Rusiyanın iqtisadiyyatı "çətin eniş" –ağır bir tənəzzül istiqamətində irəliləyə bilər.
Tramp, hələlik, mümkün tədbirlər barədə ətraflı açıqlama verməyib. Hazırda, ən azı bu mərhələdə ABŞ-nin Rusiya ilə bağlı mümkün yeni cəzalandırıcı addımları ilə bağlı qərarların mərkəzində əsas diqqət senator Lindsi Qrem və Riçard Blumentalın rəhbərlik etdiyi qanun layihəsinə yönəlib.
"2025-ci il Rusiyaya Sanksiyalar Aktı" layihə Moskvanın Ukraynaya qarşı apardığı müharibəni dəstəkləyən banklar və digər qurumlara qarşı birinci dərəcəli sanksiyalar tətbiq etməyi nəzərdə tutur.
Eyni zamanda, bu qanun layihəsi ikinci dərəcəli sanksiyalar vasitəsilə həmin qurumlarla əməkdaşlıq edən digər ölkələrə, şirkətlərə və şəxslərə də cəzalar tətbiq etməyi hədəfləyir.
Qanun layihəsinin mətninə görə, əlavə olaraq, "Rusiya Federasiyasından gələn neft, uran, təbii qaz, neft məhsulları və ya neft-kimya məhsullarını bilə-bilə satan, təmin edən, transfer edən və ya alan" hər hansı ölkədən idxala ən azı 500 faiz rüsum tətbiq olunacaq.
Çin, Hindistan və Türkiyə Rusiyanın enerji ixracatının ən böyük alıcıları arasındadır.
Senatorlar bildirib ki, qanun layihəsinin məqsədi ""kölgə donanması"ndan ucuz Rusiya nefti alaraq Putinin müharibə maşınına dəstək verən Çini məsuliyyətə cəlb etməkdir". "Kölgə donanması" Moskvanın ən gəlirli məhsulu olan neftə qarşı Qərb sanksiyalarından yayınmaq üçün istifadə etdiyi, mülkiyyəti hüququ qeyri-müəyyən və çox vaxt köhnə olan yüzlərlə gəmidən ibarətdir.
Neft ixracatı Rusiyanın federal büdcə gəlirlərinin təxminən üçdə birini təşkil edir.
"Kölgə donanması"
Sanksiyalar üzrə ekspert Ziemba bildirib ki, Rusiyanın banklarına tətbiq olunacaq ilkin və ikinci dərəcəli sanksiyalar ölkə iqtisadiyyatına zərbə vurmaq baxımından mühüm addım olacaq.
Birinci dərəcəli sanksiyalar ABŞ qurumlarına Rusiya bankları ilə əməliyyat aparmağı qadağan edir, ikinci dərəcəli sanksiyalar isə Rusiya bankları ilə iş görən xarici maliyyə institutlarını ABŞ dolları və maliyyə sistemindən kənarlaşdıraraq onları cəzalandırmağı nəzərdə tutur. Çinin maliyyə institutları hələ də Rusiya bankları ilə əməkdaşlıq edən xarici şirkətlər arasındadır.
Buna baxmayaraq, Ziemba qeyd edib ki, qanun layihəsi Konqres komitələrində müzakirə olunarkən yumşaldıla bilər. O, həmçinin apreldə Tramp administrasiyasının genişmiqyaslı qlobal tariflər elan etməsindən sonra üzləşdiyi zərbəni nəzərə alaraq, üçüncü ölkələrə tətbiq olunacaq tarifləri vaxt baxımından məqsədəuyğun hesab etmədiyini bildirib.
Ekspertin fikrincə, bu qanun layihəsi daha çox ABŞ-nin Putinə qarşı qərarlılığını nümayiş etdirmək məqsədi daşıya bilər. 100 senatorun 80-dən çoxunun qanun layihəsini dəstəkləməsi yuxarı palatada Rusiyanın təcavüzünə qarşı geniş konsensusun olduğunu göstərir.
Həmçinin, layihənin məqsədlərindən biri sanksiyaların qanunda təsbiti ola bilər. Layihədə nəzərdə tutulan bəzi sanksiyalar Trampdan əvvəl prezident Co Bayden tərəfindən tətbiq olunub.
Ziemba bildirib ki, "qanun layihəsinin qısa müddətdə əlavə təsiri o qədər də böyük olmaya bilər, lakin gələcəkdə Tramp administrasiyası və ya hər hansı digər administrasiyanın sanksiyaları aradan qaldırmasını çətinləşdirmək baxımından daha təsirli ola bilər".
Tramp Senatın qanun layihəsini dəstəkləyib-dəstəkləməyəcəyini açıqlamayıb. Ağ evin mətbuat katibi Kerolayn Livitt təşəbbüslə bağlı suallara cavab olaraq, Tramp "danışıqlar yolu ilə sülh sazişi görmək istədiyi barədə açıq ifadə edib və bütün variantları ağıllı şəkildə masada saxlayıb" deyib.
Trampın tənqidçiləri onu Putinlə münasibətləri yüksək qiymətləndirdiyi üçün Rusiyaya qarşı yeni maliyyə cəzaları tətbiq etməkdə tərəddüddə ittiham etsələr də, Ziemba bildirib ki, mövcud narahatlıqlar ABŞ-Rusiya əlaqələrindən və Ukraynada gedən müharibədən daha geniş məsələləri əhatə edir: "Tramp administrasiyasında belə bir inanc var ki, maliyyə sanksiyalarının həddən artıq istifadəsi qlobal ticarətdə dolların roluna zərər vura və ölkələri ABŞ-nin maraqlarına və təhlükəsizliyinə ziyan vura biləcək qaçaq infrastruktur qurmağa sövq edə bilər".
"Ürəyincə olanı gerçək kimi qələmə vermək"
Ən bariz nümunə - neft qiymətinə qoyulan limitdir. Bu, Ukraynaya qarşı müharibəsində Rusiyanın gəlirlərini məhdudlaşdırmaq və qlobal enerji bazarlarını sabit saxlamaq məqsədilə ABŞ və Avropa İttifaqı tərəfindən 2022-ci ildə tətbiq olunub. Ancaq bu qərarın effektivliyi Qərb nəzarətindən kənarda Rusiyanın neftini daşıyan "kölgə donanması" tərəfindən zəiflədilir.
Sülh danışıqlarını pozduğuna görə Rusiyanı cəzalandırmaq üçün G7 neftin qiymətinin bir barel üçün 60 dollardan 50 dollara endirilməsini təklif edib. Ancaq "The Financial Times" bu həftə Tramp administrasiyasının müvafiq təklifi blokladığını yazıb. Ziemba hesab edir ki, bu qərar Trampın Rusiyaya qarşı yeni sanksiyaları, hələlik, təxirə salmaq istəyini əks etdirə bilər, lakin ABŞ prezidentinin qiymət həddini bəyənməməsi də mümkündür, çünki bu, ABŞ-nin Çin və Hindistan kimi rəqiblərinə xeyir verir.
O, həmçinin bildirib ki, G7-nin üzvləri "kölgə donanması"na qarşı sanksiyaları genişləndirməsələr, neft qiymətinə qoyulan limiti azaltmağın mənası yoxdur.
Vaşinqtonda yerləşən "American Enterprise" İnstitutunun aparıcı tədqiqatçısı Leon Aron bu ayın əvvəlində AzadlıqRadiosuna müsahibəsində bildirib ki, Rusiyanın neft sənayesinə, o cümlədən "kölgə gəmiləri"nə qarşı sanksiyaların gücləndirilməsi "Putinə çox konkret zərbə vurmaq" potensialına malikdir və əgər o, sülh danışıqlarında ləngiyərsə, bu addım "ona ən azı sülhü ciddi şəkildə düşünmək üçün təkan verə bilər".
1995-1999-cu illərdə ABŞ Nümayəndələr Palatasının spikeri olmuş respublikaçı Nyut Qinqriç deyib ki, Tramp administrasiyası təkcə iqtisadi sanksiyalara fokuslanmamalıdır. O, ABŞ-ni Ukraynaya hərbi yardımın keyfiyyətini və kəmiyyətini "kəskin şəkildə" artırmağa çağırıb.
"Putin yalnız başqa yolu qalmadıqda dayanacaq. Bundan fərqli hər hansı strategiya ürəyincə olanı gerçək kimi qələmə verməkdir. Bu isə müharibəni uzadacaq və daha çox günahsız insanın həyatına son qoyacaq", - Qinqriç X platformasında paylaşımında bildirib.
Trampın Putinə təzyiq göstərmək üçün hansı addımları atacağı – ümumiyyətlə, belə addımlar olacaqsa – iyunda daha aydınlaşa bilər.
Tramp mayın 28-də Ağ evdə jurnalistlərə deyib ki, prezident Putinin danışıqlarda zaman udmaq üçün aldatdığını, yoxsa ciddi olduğunu tezliklə öyrənəcək və "əgər belə olsa, bir az fərqli cavab verəcəyik. Amma bu, təxminən bir həftə yarım, iki həftə çəkəcək".