Keçid linkləri

2025, 09 İyun, Bazar ertəsi, Bakı vaxtı 00:41

BMT əfqan ailələrin İrandan deportasiyasının artmasından narahatdır


Əfqan qaçqınlar İrandan deportasiya edildikdən sonra əşyalarını daşıyırlar.
Əfqan qaçqınlar İrandan deportasiya edildikdən sonra əşyalarını daşıyırlar.

BMT-nin Beynəlxalq Miqrasiya Təşkilatı (IOM) İrandan deportasiya olunan əfqan ailələrin sayında kəskin artım ilə bağlı narahatlığını ifadə edib. Qurum immiqrasiya statusundan asılı olmayaraq, əfqanların məcburi geri qaytarılmasının dərhal dayandırılmasına çağırıb.

İyunun 3-də yayımlanan hesabatında IOM bildirib ki, əvvəlki aylarda deportasiya olunan əfqanlar, əsasən, subay gənc kişilər olsa da, indi "yeni və narahatedici bir tendensiya" müşahidə olunur. Belə ki, əfqan ailələrin məcburi qaytarılmasında kəskin artım baş verib.

IOM vurğulayıb ki, mayda İrandan qayıdan əfqan ailələrin sayı 15 min 675 təşkil edib ki, bu da apreldə qayıdan 6 min 879 ailə ilə müqayisədə iki dəfədən çoxdur. Bundan əlavə, 2025-ci ilin mayında geri qayıdan sənədsiz ailələrin sayı 2024-cü ilin mayı ilə müqayisədə üç dəfədən çox artıb.

"Bu artım İran hakimiyyətinin Əfqanıstan vətəndaşlarının deportasiyasını gücləndirmə planlarını açıqlamasından sonra müşahidə olunub", - hesabatda vurğulanıb.

Təşkilatın məlumatına görə, İran sənədsiz əfqanlara ölkəni tərk etməsi üçün iyulun 6-dək müddət qoyub ki, bu da təxminən 4 milyon insanı əhatə edə bilər.

Bir çox əfqanlar İran hökumət qurumları tərəfindən pis rəftara məruz qalmaqdan şikayətlənirlər.

Mayda ailəsi ilə birgə İrandan deportasiya edilən əfqan kişi AzadlıqRadiosunun "Radio Azadi" xidmətinə deyib ki, hökumət səlahiyyətliləri onun ailəsi və digər əfqanların işlədiyi fermaya gəlib və "hamını bir anda sahələrdən deportasiya edib".

O, hazırda ailəsi ilə Əfqanıstanın şimalında, problemlərin çox olduğu Fəryab vilayətində məskunlaşdığını deyib.

Deportasiya olunan əfqan qaçqınlar Əfqanıstan-İran sərhədi yaxınlığındakı qeydiyyat mərkəzində.
Deportasiya olunan əfqan qaçqınlar Əfqanıstan-İran sərhədi yaxınlığındakı qeydiyyat mərkəzində.

"Onları evlərindən qovurlar"

Adının açıqlanmasını istəməyən başqa bir əfqan vətəndaşı "Radio Azadi"yə deyib ki, İrandakı əfqan qaçqınlar çox əziyyət çəkirlər.

"Hakimiyyət orqanları ailələrlə pis rəftar edir və onları evlərindən qovurlar. Çox sayda həbs və saxlanma halları var. İnsanlar çox əziyyət çəkir", - o bildirib.

İrandan məcburi geri qayıdışların artması Pakistandan genişmiqyaslı deportasiyalar fonunda baş verir, orada da hər həftə minlərlə əfqan geri göndərilir.

BMT-nin müvafiq institutu bildirib ki, "bu təzyiqlər birləşərək Əfqanıstanın həssas qəbul və reinteqrasiya sistemini ağır şəkildə yükləyir".

IOM bütün ölkələrə çağırış edir ki, təhlükəsiz, könüllü və ləyaqətli geri dönüş şərtləri təmin olunana qədər əfqanların məcburi qaytarılmasını, onların miqrasiya statusundan asılı olmayaraq, dərhal dayandırsın".

2021-ci ildə "Taliban" hakimiyyətə qayıtdıqdan sonra ölkədə İslam qanunlarının sərt təfsirini tətbiq edərək hüquq və azadlıqları ciddi şəkildə məhdudlaşdırıb. Bundan xüsusilə qadınlar və qızlar əziyyət çəkir. Orta təhsil və əksər işlərdə çalışmaq qadınlara və qızlara qadağan edilib.

BMT və insan hüquqları təşkilatları Əfqanıstanda geniş yayılmış hüquq pozuntularını sənədləşdiriblər. Bunlara məhkəməsiz edamlar, məcburi itkin düşmələr, işgəncələr və ictimai şəkildə şallaqla cəzalandırmalar daxildir. Bu zorakılıqlar çox vaxt keçmiş hökumət rəsmilərini, təhlükəsizlik qüvvələrinin üzvlərini və rejimə qarşı çıxan şəxsləri hədəf alır.

XS
SM
MD
LG