ABŞ çinli tələbələr üçün vizaları ləğv edəcək

Harvard Universiteti

ABŞ dövlət katibi Marko Rubio mayın 28-də elan edib ki, ABŞ Çin Kommunist Partiyası ilə əlaqəsi olan və kritik sahələrdə təhsil alanlar da daxil olmaqla çinli tələbələrin vizalarını "qətiyyətlə" ləğv etməyə başlayacaq. Bu barədə ABŞ Dövlət Departamentinin saytında onun adından dərc olunan bəyanatda deyilir.

Rubio bəyanatında bildirib ki, Dövlət Departamenti Çindən və Honq Konqdan olan gələcək bütün viza müraciətlərinə nəzarəti gücləndirmək üçün viza meyarlarını da yenidən nəzərdən keçirəcək.

"ABŞ Dövlət Departamenti çinli tələbələrin vizalarının ləğvini qətiyyətlə həyata keçirmək üçün Daxili Təhlükəsizlik Nazirliyi ilə birgə işləyəcək", — o bildirib.

Vaşinqtondakı Çin səfirliyi məsələ ilə bağlı şərh verməyib.

Tramp administrasiyasının Harvard Universitetinin əksəriyyəti çinli olan xarici tələbələri qəbul etmək imkanını məhdudlaşdırmasının ardınca Çinin Xarici İşlər Nazirliyi xaricdəki çinli tələbələrin qanuni hüquq və maraqlarını qəti şəkildə qoruyacağını bəyan etmişdi.

"Reuters" yazır ki, əgər bu qərar ABŞ-də təhsil alan yüz minlərlə çinli tələbənin geniş bir hissəsinə şamil olunsa, bu, Amerika universitetləri üçün mühüm gəlir mənbəyinə və ABŞ texnologiya şirkətləri üçün vacib olan istedadlı işçi qüvvəsi axınına təsir edə bilər.

Rubionun bəyanatında vizaların ləğvinin hansı miqyasda olacağı ilə bağlı ətraflı məlumat verilməyib. Lakin nisbətən az sayda tələbəyə şamil edilməsi belə, Çindən ABŞ-yə ali təhsil almaq üçün gələn çinli tələbələrin axınına təsir göstərə bilər.

Son onilliklər ərzində ABŞ Çinin son dərəcə rəqabətli universitet sisteminə alternativ axtaran və Amerika universitetlərinin güclü reputasiyasına cəlb olunan çoxsaylı çinli tələbələr üçün əsas seçimə çevrilib. Həmin tələbələr, adətən, ABŞ universitetlərinin yüksək təhsil haqqını ödəyə bilən varlı ailələrdən gəlirlər.

Bir çox analitiklər hazırkı ABŞ-Çin geosiyasi rəqabətini Soyuq müharibənin yeni forması kimi qiymətləndirir. ABŞ-nin müvafiq qurumları və Konqres Çin hökumətinin maliyyələşdirdiyi təsir fəaliyyətləri və texnologiyalarla bağlı Amerika universitetlərində nəzarəti gücləndirib.

Trampın birinci prezidentliyi dövründə ozamankı dövlət katibi Mayk Pompeo ABŞ universitet kampuslarında Çin hökumətinin maliyyələşdirdiyi Konfutsi İnstitutunun mədəniyyət mərkəzlərinin ləğvi təşəbbüsünə rəhbərlik edib. O bildirib ki, bu mərkəzlər Çinin qlobal təbliğatını və "zərərli" təsirini yaymaq və "casuslar və əməkdaşlar cəlb etmək" məqsədinə xidmət edir.