Mərkəzi Asiya liderləri Moskvada övladlarını varisliyə hazırlayırlar

Rusiya prezidenti Vladimir Putin Kremldə Tacikistan prezidenti Emomali Raxmonun oğlu Rustami Emomalini qəbul edir.

Tacikistan prezidenti Emomali Raxmon və Özbəkistan lideri Şavkat Mirziyoyev Moskvaya səfər edərək yüksəkrütbəli Rusiya rəsmiləri ilə görüşəndə bu, dərin əlaqələrə malik liderlər arasında adi görüşlər silsiləsi kimi görünür. Lakin son vaxtlar onların övladlarının da iştirak etdiyi bir sıra görüşlər fərqli bir mənzərəni ortaya qoyur: varislik prosesi artıq başlayıb.

Kreml uzun müddətdir Mərkəzi Asiyanı öz təsir dairəsinə daxil olan bir region kimi görür. Avropa İttifaqı (Aİ) və Çin regionda mövqelərini gücləndirmək üçün ciddi səylər göstərsə də, Mərkəzi Asiya ölkələri hələ də Rusiyanı öz iqtisadiyyatlarında əsas oyunçu kimi görürlər. Bu isə ölkəyə kimin rəhbərlik edəcəyi məsələsində Moskvanın razılığını həlledici edir.

"Moskva öz təsir dairəsini müəyyənləşdirir və, eyni zamanda, Mərkəzi Asiyadakı avtoritar prezidentlərə də mesaj göndərir: əgər onlar demokratik seçkilər keçirmək əvəzinə övladlarını və ya yaxın adamlarını hakimiyyətə hazırlamaq qərarına gəlsələr, Kreml bu qərarı dəstəkləyəcək. Rusiyanı Avropa İttifaqından (Aİ) fərqləndirən də məhz budur", - adının açıqlanmaması şərti ilə AzadlıqRadiosuna danışan Düşənbədən bir professor deyib.

O əlavə edib ki, "Putin avtoritar rejimlər tərəfindən idarə olunan Mərkəzi Asiyada demokratiyaya əhəmiyyət vermir və bunu istəmir".

Putin 1994-cü ildən ölkəni idarə edən 72 yaşlı atasının hakimiyyətdən gedəcəyi təqdirdə ölkəyə rəhbərlik edəcəyi gözlənilən "Tacikistanın birinci oğlu" Rustami Emomali ilə görüşüb.

37 yaşlı Emomali Tacikistan parlamentinin yuxarı palatasının sədridir. Bu, ölkədə prezidentdən sonra ikinci ən yüksək rəsmi vəzifədir. O, həm də paytaxt Düşənbənin meridir.

Moskvanın vacib dəstəyi

"Moskvanın dəstəyi hakimiyyətin ötürülməsindən əvvəl də həlledici əhəmiyyətə malikdir. Rusiya ölkə müstəqillik qazandıqdan bəri Tacikistanda hərbi baza saxlayır. Həmçinin, Rusiya Tacikistanın ən böyük ticarət tərəfdaşlarından biridir", - Mərkəzi Asiya üzrə analitik Brüs Pannier bildirib. "Əgər Moskva prosesi təsdiqləməsə, bu, Emomali Raxmon və hakimiyyət üçün yarışan digər iddiaçıların vəziyyətini ciddi şəkildə çətinləşdirə bilər. Ona görə də Kremlin dəstəyi həm hakimiyyətin ötürülməsi, həm də gələcəkdə onun davamlılığı üçün kritikdir".

Saida Mirziyoyeva və Mixail Mişustin

Eyni zamanda, Özbəkistan prezidentinin böyük qızı Saida Mirziyoyeva da bu yaxınlarda Rusiyanın baş naziri Mixail Mişustinlə görüşüb.

40 yaşlı Mirziyoyeva Özbəkistan prezidentinin birinci köməkçisi, prezident administrasiyasında dövlət başçısından sonra ikinci ən yüksək vəzifədədir.

Emomali və Mirziyoyevanın yüksək dövlət vəzifələrinə təyin olunması, məmur rütbələrində sürətlə irəliləməsi və getdikcə daha çox diqqət çəkən profilləri onların atalarının mümkün varislik üçün zəmin hazırladığı barədə ehtimalları gücləndirib, Moskvadakı görüşlər isə bu fikri təkzib etməyə yardım etməyib.

Əgər Mərkəzi Asiya liderləri varislərini qəbul etdirmək yoluna yönəliblərsə, Kremlin də öz gündəliyi var: təsir dairəsində mövqeyini qorumaq.

Rəsmi bəyanatlara görə, bu görüşlər strateji tərəfdaşlıq və ikitərəfli əməkdaşlıq mövzularına həsr olunub. Görüşlərin vaxtı isə Avropa İttifaqının (Aİ) zəngin təbii resurslara malik Mərkəzi Asiyaya gələcəkdə milyardlarla dollar investisiya vəd etməsindən sonraya təsadüf edir.

Özbəkistan apreldə Avropa Komissiyasının prezidenti Ursula Fon der Lyayen və Aİ Şurasının prezidenti Antonio Koştanın sədrliyi ilə ilk Aİ-Mərkəzi Asiya sammitinə ev sahibliyi edib.

Səmərqənddə keçirilən sammitdə Fon der Lyayen Aİ-nin "Global Gateway" təşəbbüsü vasitəsilə Mərkəzi Asiya üçün yeni 12 milyard avro investisiya paketi elan edib. Bu maliyyə paketi Aİ-nin 2024-cü ildə regionda nəqliyyat əlaqələrini artırmaq üçün elan etdiyi 10 milyard avroluq investisiya planına əlavədir.

Avropa Komissiyasının sədri Ursula fon der Lyayen və Aİ Şurasının prezidenti Antonio Koşta Aİ-Mərkəzi Asiya sammitində

Fon der Lyayen Aİ ilə Mərkəzi Asiya əməkdaşlığını "strateji tərəfdaşlıq" kimi təsvir edib ki, bu ifadə Rusiyada xoş qarşılanmaya bilər, çünki Rusiya tarixən keçmiş Sovet regionunda əhəmiyyətli təsirə malik olub.

Emomali və Mirziyoyeva keçən həftə Moskvada qəbul edilərkən Mərkəzi Asiya İtaliyanın baş naziri Corca Melonini qəbul edib. İtaliya hökumət başçısı isə regionun Avropa üçün indi strateji əhəmiyyət qazandığını deyib.

Çin isə son illərdə Rusiyanı üstələyərək münasibətlərini şaxələndirməyə və Moskvadan asılılığı azaltmağa çalışan Mərkəzi Asiya ölkələrinin ən böyük investoru və ticarət tərəfdaşına çevrilib.

Özbəkistanın aparıcı iqtisadiyyat professoru və müxalifət fəalı Xidirnazar Allakulov AzadlıqRadiosunun özbək xidmətinə deyib ki, o inanır ki, "Rusiya Saida və Rustami vasitəsilə Özbəkistan və Tacikistan prezidentlərinə onların Avropa ilə artan əlaqələrindən narazı olduğunu açıq şəkildə çatdırıb".

"Rusiyanın kartları var"

Aİ və Çinin milyardlarla dollarlıq sərmayə vədlərinə baxmayaraq, Mərkəzi Asiyada bir çox ekspertlər razılaşırlar ki, Rusiyanın regionda, xüsusən də Tacikistan və Qırğızıstan kimi daha kasıb ölkələrdə nüfuzunu qorumaq üçün hələ də oynayacağı əsas kartları var.

Rusiya Mərkəzi Asiyadan olan milyonlarla miqrant işçiyə ev sahibliyi edir. Bu işçi miqrantların evlərinə göndərdiyi pul köçürmələri regionda onilliklərdir davam edən kütləvi işsizlik şəraitində ailələrinin dolanışığını təmin etmək üçün həyati əhəmiyyət daşıyır.

"Avropa və ABŞ miqrasiyaya qarşı sərtləşdirmə tədbirləri görərkən, Rusiya milyonlarla tacik üçün əsas dolanışıq mənbəyi olaraq qalır. Onlar, demək olar ki, tam şəkildə Rusiyadakı gəlirlərdən asılıdır. Əgər Rusiya miqrantlar üçün qapılarını bağlasa, bu, Tacikistan və Qırğızıstanda ictimai narazılığa və iğtişaşlara səbəb ola bilər və Moskva bunu yaxşı bilir", - Düşənbədən olan professor bildirib.

Yazı AzadlıqRadiosunun aparıcı müxbiri Fərəngiz Nəcbullah tərəfindən hazırlanıb.