Bu gün, iyunun 9-da Rusiya və Ukrayna arasında yaşı 25-dən aşağı və ağır xəstə olan hərbi əsirlərin mübadiləsinə başlanılıb. Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Ukrayna prezidenti Volodimir Zelenski də əsir mübadiləsinin başladığını təsdiqləyərək ölkəyə qayıdan ukraynalı hərbçilərin fotosu olan paylaşım edib.
Rusiya Müdafiə Nazirliyinin yaydığı məlumatda 25 yaşadək Rusiya hərbçilərinin bir qrupunun geri qaytarıldığı qeyd olunub. Mübadilə "1:1" nisbətində həyata keçirilib, lakin neçə nəfərin dəyişdirildiyi açıqlanmayıb.
Mübadilənin yaxın günlərdə davam edəcəyi gözlənilir.
Əsir mübadiləsi barədə razılıq iyunun 2-də İstanbulda Ukrayna və Rusiya nümayəndə heyətlərinin görüşü zamanı əldə olunub. Bildirilir ki, ümumilikdə hər iki tərəfdən 1000-dən çox şəxsin dəyişdirilməsi nəzərdə tutulur.
Həmçinin həlak olmuş hərbçilərin cəsədlərinin mübadiləsi barədə də razılıq əldə olunub. Rusiya tərəfi Ukraynaya 6 minə yaxın cəsədin təhvil verilməsinə hazır olduğunu bildirib. Son günlər Rusiya rəsmiləri Kiyevi mübadilə prosesini ləngitməkdə ittiham etməyə başlayıblar. Rusiya mediasında, guya, Ukraynanın cəsədləri qəbul etmək istəmədiyinə dair kampaniya aparılır. Kiyev isə bu ittihamları rədd edərək bildirib ki, əvvəlcədən razılaşdırıldığı kimi, cəsədlərin mübadiləsinə məhz bu həftə başlanması nəzərdə tutulub.
Zelenski Putini 'çirkli' oyunlarda ittiham edir
Ukrayna prezidenti Volodimir Zelenski Moskva ilə əsir mübadiləsi planlarını davam etdirəcəyini söyləsə də, o, uğurlu nəticə ilə bağlı şübhələrini də dilə gətirib. Ukrayna hərbi rəsmiləri isə Rusiya qüvvələrinin ilk dəfə olaraq Dnepropetrovsk vilayətinə daxil olması ilə bağlı Moskvanın iddialarını rədd edib.
"Ukrayna müharibə əsirlərimizin azad edilməsi və həlak olmuş ukraynalı döyüşçülərimizin geri qaytarılması üçün mümkün olan hər şeyi etməyə davam edir", - Zelenski gecə videomüraciətində bildirib.
"Təəssüf ki, İstanbulda razılaşdırıldığı kimi Rusiya tərəfi mindən çox insanın mübadiləsi üçün tam siyahıları hələ də təqdim etməyib. Adət üzrə, Rusiya tərəfi yenidən bu məsələləri çirkli siyasi və informasiya oyununa çevirməyə çalışır", - o əlavə edib.
ABŞ-nin ABC televiziyasına ayrıca müsahibə verən prezident Zelenski deyib ki, yalnız Vaşinqton və Avropanın "sərt təzyiqi" Rusiya prezidenti Vladimir Putini geri çəkilməyə məcbur edə bilər. "Onda onlar müharibəni dayandıracaqlar", - Zelenski deyib.
Bir gün əvvəl Ukrayna rəsmiləri Rusiyanın Kiyevin hərbi əsirlərin mübadiləsini və həlak olan əsgərlərin repatriasiyasını ləngitməsi ilə bağlı ittihamlarını rədd edib.
Bu reaksiya Putinin müşaviri Vladimir Medinskinin Ukraynanın müharibə əsirlərinin dəyişdirilməsini və əsgərlərin cəsədlərinin qəbulunu gözlənilmədən qeyri-müəyyən müddətə təxirə salması barədə iddialarından sonra gəlib.
Medinski bildirib ki, Rusiya artıq mübadilə prosesini başlatmaq üçün Ukraynaya 640 əsirin siyahısını təqdim edib - üstünlük yaralılar, ağır xəstələr və gənclərə verilib.
Ukraynanın Əsirlərlə İş üzrə Koordinasiya Qərargahı Rusiyanın iddialarının reallığa və ya əvvəl əldə olunmuş razılaşmalara uyğun olmadığını iddia edib.
Ukrayna rəsmilərinin sözlərinə görə, hər iki tərəf İstanbuldakı danışıqlarından sonra təxminən 12 min ölən əsgərin cəsədinin repatriasiyası barədə prinsipial razılığa gəlsə də, mübadilə üçün konkret tarix təyin olunmayıb.
Dnepropetrovsk
Rusiya ordusunun Dnepropetrovskə girdiyi bildirilir
ABŞ prezidenti Donald Tramp hər iki tərəfə müharibəni sona çatdırmaq üçün təzyiq göstərib.
Kiyev ABŞ-nin 30 günlük atəşkəs çağırışını qəbul etdiyini bildirib. Moskva isə müqavimət göstərir və Ukrayna üçün qəbulolunmaz olan müəyyən şərtlərin əvvəlcə yerinə yetirilməsini tələb edir.
Döyüş meydanındakı vəziyyətə gəlincə isə, Ukrayna Baş Qərargahının sözçüsü Andriy Kovalev Rusiya qüvvələrinin Ukraynanın şərqindəki Dnepropetrovsk vilayətinə girməsi ilə bağlı qarşı tərəfin iddialarını təkzib edib.
"Müharibənin reallıqlarını danışıqlarda qəbul etmək istəməyənlər sahədə yeni reallıqlarla üzləşəcəklər", - Rusiyanın eks-prezidenti Dmitri Medvedev sosial mediada yazıb.
Dnepropetrovsk vilayəti Ukraynada mədənçilik və sənaye baxımından mühüm mərkəzdir. Hərbi analitiklər Moskvanın bu regionda irəliləyişinin Kiyevin onsuz da çətin vəziyyətdə olan ordusu və iqtisadiyyatı üçün təhlükə yaradacığından ehtiyat edirlər. Bu vilayət Rusiya tərəfindən rəsmən öz ərazisi kimi elan edilən beş Ukrayna regionu arasında yer almır.
Ukraynayönlü açıq mənbəli xəritələrə görə, artıq Ukrayna ərazisinin 20 faizinə nəzarət edən Moskva, son bir ay ərzində Ukraynanın şərqindəki Sumi vilayətinin 190 kvadratkilometrdən çox ərazisini işğal edib.